İQTİSADİYYAT
Azərbaycan Sənaye Korporasiyası İqtisad Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 21 iyun, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, sənədi korporasiyanın baş direktoru Kamran Nəbizadə və universitetin rektoru Ədalət Muradov imzalayıblar.
Memorandum qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə əməkdaşlığı, birgə tədqiqatların aparılmasını və proqramların həyata keçirilməsini, tələbələrin biznes ideyalarının formalaşdırılmasını, innovativ təşəbbüsləri, startap fəaliyyətinin dəstəklənməsini, onların praktiki tətbiqini, Dövlət İqtisad Universiteti tələbələrinin “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində təcrübə keçməsinin əsaslarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığa xidmət edir.
Universitetin rektoru Ə.Muradov bildirib ki, müasir təhsil sistemi real iqtisadiyyatın tələblərinə uyğun olmalıdır və bu uyğunluğun da əsasını məhz birgə əməkdaşlıqlar təşkil edir. Ali təhsil müəssisələrində hazırlanan kadrların real iqtisadi mühitdə, əmək bazarında formalaşdığını vurğulayan universitetin rektoru qeyd edib ki, real mütəxəssislərin hazırlanması məhz real əməkdaşlıqlardan asılıdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaranma tarixi və hazırkı fəaliyyətindən bəhs edən korporasiyanın baş direktoru K.Nəbizadə öz növbəsində bildirib ki, cəmiyyətin qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir. İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır. Baş direktor əlavə edib ki, memorandumun uğuru bu anlaşmanın ikitərəfli şəkildə fəal icrasından asılıdır.
İqtisad Universitetini bitirən məzunların “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mütəxəssis bazasına daxil olması, həmin universitetin 3 tələbəsinə cəmiyyət tərəfindən təqaüd ayrılması və bu ali təhsil ocağı tərəfindən korporasiya, eləcə də onun törəmə müəssisələrində çalışan mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkili təməli qoyulan bu əməkdaşlığın vacib və əhəmiyyətli məqamlarındandır.