ELM VƏ TƏHSİL


Azərbaycan Xalq Cümhuriyyəti milli ideologiya əsasında yaranıb

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” mövzusunda elmi konfrans keçirilib. Konfrans Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə mövzunun aktuallığını qeyd edib, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə gördüyü işlərdən söhbət açıb. Ölkəmizin hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin geniş qeyd edildiyini deyən İ.Məmmədzadə bildirib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının qürur duyduğu bir gündür.

“Azərbaycan Xalq Cümhuriyyəti: ənənə və müasirlik” mövzusunda məruzəsində Milli Məclisin deputatı, professor Elman Nəsirov Cümhuriyyətin xarici siyasətindən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin milli ideologiya əsasında yarandığını vurğulayıb. Bildirilib ki, Cümhuriyyət ayrı-ayrı adamların ideoloji düşüncəsini deyil, bütövlükdə milli ideoloji düşüncə missiyasını yerinə yetirib.

Konfransda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə dair”, Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin “Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovetlərə qarşı gizli istiqlal mübarizəsi” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Sonda Fəlsəfə İnstitutunun əməkdaşları Yasəmən Qaraqoyunlu, Faiq Ələkbərov, Xatirə Quliyeva, Füzuli Qurbanov, Rəfiqə Əzimova və Eynulla Mədətli mövzu ətrafında fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.