CÜMHURİYYƏT - 100


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər davam edir VİDEO

Sofiya, 13 iyul, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Sofiya Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Sofiya şəhərinin gözəl məkanlarından və turistlərin sıx ziyarət etdiyi səyahət yerlərindən olan “Sevgililər körpüsü”ndə Azərbaycan Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında Sərəncamına müvafiq olaraq “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı açıq səma altında fotosərgi təşkil olunub.

Sərgidə Sofiya şəhərinin meri Yordanka Fandıkova, Q.S.Rakovski adına Hərbi Akademiyanın rəisi, general-mayor Qrudi Anqelov, Bolqarıstan Elmlər Akademiyasının Folklor və Etnoqrafiya Araşdırmaları İnstitutunun direktoru Petko Xristov, Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Sofiya şəhərinin meri Y.Fandıkova Azərbaycan tarixinin önəmli hadisələrindən olan AXC-nin yaradılmasının 100 illik yubileyinin meriya ilə birgə qeyd edilməsindən məmnunluğunu bildirib və bu yubiley münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Bir müddət öncə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə birgə "Vrana" park-muzeyində Azərbaycandan xüsusi gətirilmiş üç Şərq çinarı ağacının əkildiyini xatırladan Y.Fandıkova meriya ilə səfirliyin sıx əməkdaşlıq etdiyini və Sofiyanın özünəməxsus məkanlarından olan “Sevgililər körpüsü”ndə cari sərginin təşkilini uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib. Şəhər rəhbəri sərgidə nümayiş olunan fotoşəkillərin bolqar fotoqraf tərəfindən çəkildiyinə xüsusi diqqət yönəldərək bu məqamın vacibliyindən bəhs edib, sərginin yerli sakinlərə və şəhərin qonaqlarına Bakını bolqar fotoqrafın gözü ilə görməyə imkan yaratdığını əlavə edib. Bakı və Sofiya şəhərlərinin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən Y.Fandıkova cari ilin yanvar ayından etibarən şəhərlərimiz arasında birbaşa hava əlaqəsinin açıldığını xatırladaraq qeyd olunan hava əlaqəsinin hər iki şəhərin daha da yaxınlaşmasına töhfə verəcəyinə inamını ifadə edib.

Çıxış edən səfir N.Qurbanova bu gözəl körpüdə təşkil olunan sərginin Bolqarıstanın ev sahibliyi etdiyi və Asiya və Avropa arasında böyük İpək Yolunun canlandırılması yolunda perspektivli təşəbbüs olan 16+1 sammiti ilə əlamətdar olduğunu bildirib. Belə ki, tarixən Bakı bu yol boyunca vacib qovşaq olub. Səfir “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı sərginin zəngin tarixi və mədəniyyəti ilə seçilən Azərbaycan paytaxtının gözəlliklərini görməyə imkan yaratdığını qeyd edib. O deyib ki, Bakının möhtəşəm görüntüsü “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətləri arasında baş vermiş özünəməxsus sintezin mirasıdır. Diplomat deyib ki, dar və geniş, sakit və səs-küylü Bakı küçələri ilə addımlayarkən insan möcüzəli bir dövrə gedir. O dövr ki, kiçik bir qala şəhərini dünyanın neft paytaxtına çevirən fenomen yaradıb. O dövrdə tikilmiş möhtəşəm saraylar və iqamətgahlar öz ecazkar fasadları ilə indi də bir-biri ilə rəqabət aparır. N.Qurbanova dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtı Bakının yalnız Şərqlə Qərbin özünəməxsus kombinasiyası ilə deyil, həmçinin valehedici abidələri ilə tanındığını diqqətə çatdırıb. Bu memorialların böyük əksəriyyətinin ədəbi xadimlərə həsr olunduğunu söyləyən səfir Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə qısa məlumat verərək XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan muzey binasının 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan AXC-nin nümayəndələri tərəfindən istifadə olunduğu barədə danışıb. Daha sonra qonaqları Bakının digər görməli yerləri olan Fəvvarələr Meydanı, Dənizkənarı Milli Park, Kiçik Venesiyaya xəyali ekskursiyaya aparan səfir doğma Bakı Bulvarında yerləşən Azərbaycan Xalça Muzeyindən bəhs edib. O əlavə edib ki, 50 yaşlı muzey dünyada ilk ixtisaslaşmış xalça muzeyidir. Bakının tarixi abidələrinə diqqət çəkən N.Qurbanova tədbir iştirakçılarına İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası barədə məlumat verib. O bildirib ki, orta əsr Bakısının ətri duyulan İçərişəhər, XV əsr memarlığının parlaq nümunələrindən olan Şirvanşahlar sarayı, Bakının ən çox sevilən rəmzlərindən hesab olunan Qız qalası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ərazilərdir. Sərginin adından da göründüyü kimi, Bakının tarixilik və müasirliyin sintezi olduğuna diqqət çəkən səfir qədim ürəyə malik müasir şəhər olan Bakının yeni rəmzləri sayılan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı barədə məlumat verib. Zəngin mətbəximizə toxunan səfir qədim Odlar Yurdunun paytaxtında dadılması qaçılmaz olan milli təamlarımızdan söhbət açıb.

Sonda səfir “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” təbiri ilə qonaqları paytaxtımızın füsunkar gözəlliyini görmək və multikultural mühitini duymaq üçün Bakıya dəvət edib.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Fokus” xəbər agentliyi, Bolqarıstan Jurnalistlər İttifaqının internet səhifələrində tədbirlə bağlı məqalələr yerləşdirilib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.