REGİONLAR
Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib
Naxçıvan, 16 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında qrossmeysterlər Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli və Nicat Məmmədov yarımfinala yüksəliblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 11-ci turun oyunlarının nəticələrinə əsasən, yarımfinal yolunda qrossmeyster Vüqar Əsədli (2572) qrossmeyster Eltac Səfərli (2598) ilə üz-üzə gəlib və məğlub olub. Qrossmeyster Vasif Durarbəyli (2606) isə qrossmeyster Urfan Sevdimalıyev (2369) üzərində qələbə qazanıb. Qrossmeyster Fərid Abbasov (2528) beynəlxalq usta Abdulla Qədimbəyli (2470), beynəlxalq usta Məhəmməd Muradlı (2449) isə beynəlxalq usta Kənan Qarayev (2331) üzərində qələbə qazanmaqla, aktivlərinə daha bir xal yazdırıblar. Qrossmeyster Nicat Abasov (2665) qrossmeyster Nicat Məmmədovla (2609), beynəlxalq usta Aydın Süleymanlı (2520) isə qrossmeyster Misrətdin İsgəndərovla (2535) xalları yarı bölüblər.
Yarımfinala yüksələn şahmatçılar məhz bu görüşlərdən sonra müəyyənləşib.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.