Azərbaycanın neft-qaz geologiyasının perspektivləri ilə bağlı elmi seminar keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə hazırda və yaxın onilliklərdə respublika büdcəsinin xeyli hissəsinin karbohidrogenlər hesabına formalaşması faktını nəzərə alaraq Azərbaycanda neft hasilatının gələcəyi ilə bağlı problemlərin alim və mütəxəssislərin daim diqqətində olduğunu bildirib. Akademik seminarın gündəliyində duran məsələnin də bu mövzuya aid olduğunu vurğulayıb.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahvələd Köçərli “Azərbaycanın neft-qaz geologiyası XXI əsrdə: hazırkı durum və perspektivlər” mövzusunda məruzəsində son zamanlarda hasil edilən neftin yeni ehtiyatlarla kompensasiya edilməməsinin vacib problem olduğunu diqqətə çatdırıb. Bildirib ki, yeni neft ehtiyatlarının ənənəvi və qeyri-ənənəvi mənbələrdən hazırlanması qarşıya məqsəd qoyulmalıdır. Ş.Köçərli ənənəvi və qeyri-ənənəvi karbohidrogen mənbələri kimi bir sıra məkanları göstərərək qeyd edib ki, bu işlərin gerçəkləşməsi üçün fundamental və sahəvi elmi-tədqiqat işləri aparılmalı, kəşfiyyat qazması artırılmalı, yataqların işlədilməsində yeni metodik yanaşmalar tətbiq edilməlidir.
Məruzəçi vurğulayıb ki, qaldırılan məsələlərlə əlaqədar müvafiq elmi-tədqiqat və istehsalat təşkilatlarının iştirakı ilə Dövlət Proqramının hazırlanması zəruridir.
Seminarda iştirakçıların sualları cavablandırılıb. Akademik Akif Əlizadə qaldırılan məsələlərin ölkə iqtisadiyyatında strateji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq SOCAR-ın müəssisə və təşkilatlarının iştirakı ilə müzakirəsini tövsiyə edib.