SİYASƏT
Bakıda Mərakeşin milli bayramı qeyd olunub
Bakı, 30 iyul, AZƏRTAC
Bakıda Mərakeşin milli bayramı - Taxt-Tac Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Qəbulda əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, səfir Məhəmməd Adil Embarş tədbirdə çıxış edərək Mərakeşin əldə etdiyi nailiyyətlərdən danışıb.
Azərbaycan və Mərakeş arasındakı əlaqələrin müxtəlif sahələrdə inkişafından danışan səfir Saxara məsələsində konstruktiv mövqeyinə, Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Diplomat vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sabit şəkildə artmaqda davam edir.
Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Gündüz Cəfərov qəbulda çıxış edərək bayram münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. İki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini söyləyən G.Cəfərov deyib ki, mövcud siyasi dialoq ölkələrimizin əməkdaşlığının inkişafına xüsusi töhfə verir. İqtisadi sahədə də yaxşı əməkdaşlıq mövcuddur. İmzalanmış və imzalanmağa hazırlanan sənədlər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var.
Nazirliyin rəsmisi əmin olduğunu bildirib ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri gələcəkdə də xalqlarımızın rifahına töhfə verəcək.