İDMAN


Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub

Mükafatçılar sırasında iyirmi iki ölkədən cüdoçular yer alıblar

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilib.

On səkkiz yığmanın mübarizə apardığı çempionatda Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb. Millimiz ilk görüşünü Avstriya yığmasına qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Dörddəbir finalda Yaponiya millisinə 2:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşdə Niderland komandasını üstələyiblər – 4:2. Bürünc medal uğrunda görüşdə Rusiya millisinə 1:4 hesabı ilə məğlub olan cüdoçularımız çempionatı beşinci pillədə başa vurublar. Digər bürünc medalı isə birləşmiş Koreya komandası qazanıb.

Final görüşündə Yaponiya və Fransa milli komandaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən Yaponiya millisi qarışıq komanda yarışlarının qalibi olub.

Kuboku qalib komandaya Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa təqdim edib.

Azərbaycan komandası dünya çempionatının fərdi yarışlarında iki medal qazanıb. Belə ki, Uşanqi Kokauri (100 kq-dan yuxarı çəki dərəcəsi) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olublar.

Xatırladaq ki, çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparıb. Mükafatçılar sırasında isə yalnız 22 ölkədən cüdoçular yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.