REGİONLAR


Cəlilabadda Vətən müharibəsi şəhidi Fizuli Həbibinin ev muzeyinin açılışı olub

Cəlilabad, 7 noyabr, İlkin Adıyev, AZƏRTAC

Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin daim yaşadılması dövlətimizin əsas prioritetlərindən biridir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəman Vətən övladlarının adlarının əbədiləşdirilməsi və xatirələrinin ehtiramla yad olunması Cəlilabad şəhərində də əsas məsələlərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunda, şəhid Fizuli Həbibi Nizami oğlunun anım günüdə xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev muzeyin açılışı olub.

Muzeyin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, rayon ziyalıları, yerli sakinlər, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Açılışda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edilib. Cəmiyyətimizin hər zaman şəhidlərin ailə üzvlərinin yanında olacağı diqqətə çatdırılıb.

Şəhidin atası Nizami Həbibli çıxışında övlad itkisinin çətinliyindən danışıb. Bildirib ki, ağrı və acılarına dövlətin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin başlıca səbəblərindəndir. Şəhid atası dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qayğısını və diqqətini hər zaman hiss etdiklərini söyləyib.

Sonra uşaqların ifasında şəhid Fizuli Həbibinin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.

Ev muzeyi ilə tanışlıqdan sonra şəhid Fizuli Həbibinin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Fizuli Həbibi Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.