SİYASƏT


Deputat: ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir

Bakı, 21may, AZƏRTAC

ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə fərqlənir. Çünki məktubda həm 30 illik müddət ərzində ABŞ-Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır, həm əldə edilən ortaq nailiyyətlərə vurğu edilir, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri ilə bağlı mühüm fikirlər irəli sürülür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat qeyd edib ki, ABŞ Prezidenti, ilk növbədə, diqqəti hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək, vaxtilə ABŞ və Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini dilə gətirir. Bildirilir ki, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. “Göründüyü kimi, bizim adətən Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması kimi qiymətləndirdiyimiz gerçəkliyi ABŞ Prezidenti daha qlobal kontekstdə dəyərləndirir. İkinci mühüm aspekt isə ondan ibarətdir ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi qeyd edir. Şübhəsiz ki, buraya təkcə qlobal terrorizmə qarşı mübarizədə ABŞ-ın antiterror koalisiyasının dəstəklənməsi deyil, həm də Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də daxildir”, - deyə H.Babaoğlu bildirib.

Deputatın sözlərinə görə, əgər bunların üzərinə C.Baydenin Azərbaycanın müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də əlavə etsək, ölkəmizin 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın ABŞ tərəfindən dəstəkləndiyini əminliklə deyə bilərik. Digər mühüm məsələ isə Ermənistanla Azərbaycan arasında mümkün sülhlə bağlı dünyanın supergüc dövlətinin rəhbərinin fikirləridir. Bu məsələ xüsusilə diqqət çəkir. Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə, Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bildirən Cozef Bayden Amerika Birləşmiş Ştatlarının bütün Qafqaz və Transxəzər regionunun çiçəklənməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Hikmət Babaoğlu qeyd edib ki, bizim, sadəcə, Qafqaz regionunda əməkdaşlıq perspektivləri kimi qiymətləndirdiyimiz postmüharibə reallığını ABŞ daha geniş miqyasda, Transxəzər regionu kontekstində dəyərləndirir. Bu, əslində, Azərbaycanın regionun gələcəyində oynayacağı mühüm rola işarədir. Ona görə də məktubda gələcək onilliklərdə də ABŞ-Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.