Elşad Həsənov: Azərbaycanda prezident seçkilərinin nəticəsi xalqın iradəsini əks etdirir
Strasburq, 25 iyun, AZƏRTAC
AŞPA-nın yay sessiyasında ölkəmizdə keçirilən prezident seçkilərindən danışan Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib. Siyasi plüralizm namizədlər arasında real rəqabətə stimul verib. Seçkilərdə səkkiz namizəd iştirak edib və namizədlərin bəziləri mövcud hakimiyyəti sərt tənqid etməkdən belə çəkinməyib.
E.Həsənov deyib ki, seçkiləri sərbəst şəkildə müşahidə etdiklərini, prosesin yaxşı təşkil edildiyini və seçkilərin səmərəli hazırlandığını beynəlxalq müşahidəçilərin özləri bəyan ediblər.
Deputat qeyd edib ki, Viorel Badeanın rəhbəri olduğu missiyanın hesabatı qərəzli və birtərəflidir. Müşahidəçilərin konkret olaraq nəyi nəzərdə tutduqlarını anlamaq çətindir.
Azərbaycan İctimai Televiziyası namizədlərə ödənişsiz efir vaxtı təqdim edib. İnternet saytlar və sosial media tam müstəqildir. Seçkilərin işıqlandırılması obyektiv və qərəzsiz olub. Seçkilər zamanı yerli müxalifət bir sıra mitinqlər təşkil edib, onlara hakimiyyət tərəfindən icazə verilib. Namizədlər seçiciləri ilə mütəmadi görüşlər keçiriblər.
Deputat vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev prezident seçkilərində inamlı qələbə qazanıb. Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf, sabitlik və multikulturalizm siyasəti seçkilərdə onun birmənalı qələbəsini şərtləndirib. Azərbaycanda prezident seçkilərinin nəticəsi xalqın iradəsini əks etdirib.
E.Həsənov diqqətə çatdırıb ki, bəzi müşahidəçilərin qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan-AŞPA münasibətlərinə önəm verilir. Bu münasibətlərin qarşılıqlı maraqlar çərçivəsində inkişaf edəcəyinə əminik.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq