Gürcüstanda yaşayan soydaşlarımızın Türkiyəyə yardım kampaniyası davam edir
Tbilisi, 11 fevral, AZƏRTAC
Gürcüstanlı soydaşlarımızın Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlara yardım kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, Qardabani bələdiyyəsi 2 yük avtomobilini bu gün Türkiyəyə yola salıb.
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev AZƏRTAC-a bildirib ki, göndərilən ləvazimatlar əsasən isti paltarlar, istilik vasitələri, yorğan-döşək, uşaq bezləri, uzun müddətli saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.
Onun sözlərinə görə, Qardabanidə humanitar yardımlar davam etdirilir. Həm rayon mərkəzində, həm də kəndlərdə toplanacaq yardımların növbəti günlərdə Türkiyəyə yola salınması nəzərdə tutulub.
Qaraçöp mahalında da Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar genişmiqyaslı yardım kampaniyası həyata keçirilib.
Qaraçöp İcma Mərkəzindən bildirilib ki, yardım kampaniyası çərçivəsində indiyə qədər 2 yük avtomobili həcmində geyim və yataq dəstləri (yastıq, yorğan-döşək, ədyal və.s.), eyni zamanda, 80 000 Lari məbləğində pul toplanılıb. Bildirilib ki, ziyalıların təşəbbüsü ilə başlayan kampaniyaya kəndin uşaqdan böyüyə bütün insanları qoşulub.
Qeyd edək ki, Qaraçöpdə yığılan yardım bu gün Türkiyəyə yola salınacaq.
Lakin, yardım kampaniyası bununla bitmir və davam etdirilməsi planlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi