CƏMİYYƏT
Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Göytəpə, Yevlax, Zaqatala və Şəmkir şəhərlərində yerləşən hərbi hissələrində “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzusunda seminarlar keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, seminarlardan əvvəl hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrdə Heydər Əliyev İdeoloji mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış olub və dahi rəhbərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan seminarlarda ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açılıb. Tarixə adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb.
Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğunun vurğulandığı seminarlarda böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən seminarlarda respublikamızın tanınmış ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Seminarların sonunda Ulu Öndərin həyat və fəaliyyətinə dair sənədli filmlər nümayiş olunub.