CƏMİYYƏT
“İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Marş: İrəli” layihəsinin icrası başa çatdırılıb
Bakı, 9 iyul, AZƏRTAC
“İrəli” İctimai Birliyinin Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik hissinin daha da gücləndirilməsi işinə töhfə vermək məqsədilə həyata keçirdiyi “Marş: İrəli” layihəsinin icrası başa çatdırılıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin Ağdam rayonunda keçirilən bağlanış mərasimində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, qurumun üzvləri və layihə iştirakçıları “N” saylı hərbi hissəni, ön xətdə yerləşən postları ziyarət edərək Vətənimizin keşiyində ayıq-sayıq dayanan hərbçilərimizlə görüşüblər.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov düşmənlə üz-üzə Vətənin keşiyində mətanətlə dayanan hərbçilərlə görüşün əhəmiyyətini qeyd edib. Bildirib ki, gündən-günə inkişaf edən Azərbaycan Ordusunun hərbi qüdrəti xalqımızın, o cümlədən gənclərimizin qürur mənbəyidir. Gənclərdə vətənpərvərliyin yüksək səviyyədə olduğunu görmək xüsusilə qürurvericidir. M.Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir hərbi texnika ilə təchiz edilən, yüksək peşəkarlığa malik Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu vurğulayıb. O, qüdrətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı tezliklə azad edəcəyi günün uzaqda olmadığını bildirib.
Mirhəsən Seyidov, təşkilatın üzvləri və layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq meydanını ziyarət ediblər. Həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, altıgünlük layihə çərçivəsində silsilə tədbirlər təşkil olunub. Layihə çərçivəsində fiziki hazırlıq, həqiqi hərbi xidmətə həvəsləndirmə, ölkəmizin maraqlarının qorunmasında fəal iştirak, sağlam düşüncəli və rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılması məqsədilə müxtəlif təlim, tədbir və oyunlar keçirilib.
Ölkə gənclərinin hərbi vətənpərvərlik ruhunun artırılması məqsədilə müxtəlif növ fəal idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən “Marş: İrəli” layihəsi Gənclər və İdman Nazirliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.