İDMAN
İtaliya A Seriyası: Patrik Kutronenin sonuncu dəqiqədə vurduğu qol “Milan”a qələbə qazandırıb
Bakı, 1 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 31-də İtaliya A Seriyasının üçüncü turuna “Milan” – “Roma” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “San Siro" stadionunda keçirilən qarşılaşmada hesabı meydan sahibləri açıblar. Rikardo Rodriqezin cinah ötürməsində Frank Kessi fərqlənib - 1:0. Birinci hissədə “rossoneri”lər qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesab dəyişməyib.
Fasilədən sonra yenidən üstünlüyü ələ alan Genaro Qatuzonun yetirmələri yenidən fərqləniblər. Oyunun baş hakimi Marko Quida VAR sistemindən istifadə edərək qolu hesaba almayıb. Belə ki, Bonaventuranın ötürməsindən sonra “Milan”ın yeni transferi Qonsalo Huquayin oyundankənar vəziyyətdə olub.
Matçın 59-ci dəqiqəsində meydan sahiblərini əks hücumda yaxalayaraq hesaba tarazlıq gətirib. Federiko Fazio adını tabloya yazdırıb - 1:1. Bu qol oyunda sonuncu olmayıb. Əsas vaxta əlavə olunmuş dördüncü dəqiqədə (94) “Milan” qələbə topunu vurub. Qonsalo Hiquayın ötürməsindən sonra “Milan”ın gənc oyunçusu Patrik Kutrone qapıçı ilə təkbətək qalaraq mübarizədən qalib ayrılıb. Beləliklə, “Milan” ilk ev oyununu qələbə ilə başlayıb.