CƏMİYYƏT


Lənkəranda tank əleyhinə 3 ədəd mina aşkarlanıb

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 19-da saat 17:09-da Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə TM-62M və 1 ədəd tank əleyhinə təlim məqsədli TM-62P3 minası aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 30 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.