REGİONLAR
Masallıda “Möhtəşəm qala” tamaşası nümayiş olunub
Masallı, 13 dekabr, İlkin Adıyev, AZƏRTAC
Masallıda Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilən “Möhtəşəm qala” adlı tamaşa-kompozisiya nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatlarının dəstəyi ilə hazırlanıb.
Əvvəlcə Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verib.
Daha sonra tamaşa nümayiş olunub.
Qeyd edək ki, tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir.