ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində dəyirmi masa: “Mirzə Cəlil dühası”

Bakı, 21 fevral, AZƏRTAC 

Fevralın 22-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olacaq. Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət C.Məmmədquluzadənin 150 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən AZƏRTAC-a bildirilib ki, görkəmli yazıçının yubileyi münasibətilə bu ali məktəbin Kitabxana-İnformasiya Mərkəzində “Mirzə Cəlil dühası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən professor Gülşən Əliyeva-Kəngərli qeyd edib ki, C.Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Dahi sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb. Mirzə Cəlil ana dilinin saflığı uğrunda daim mübarizə aparıb. Onun meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri dərin humanist məzmuna malikdir, özündə milli və bəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı da məhz Mirzə Cəlil dühasının məhsuludur. Dahi ədibin “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur və dramaturqun yaradıcılığında milli şüur (“Anamın kitabı”), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”) problemlərinə geniş yer verilib.

Dosent Fatimat Məmmədova 1-ci nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadənin Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyduğunu bildirib. Qeyd edib ki, həmin vaxtdan Molla Nəsrəddin adı ilə tanınan Mirzə Cəlilin Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yaranıb. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. “Molla Nəsrəddin” “Suri-İsrafil” (Azərbaycan), “Nəsimi-şimal” (İran), “Cəm” (Türkiyə), “Uklar”, “Yəşen” (Tatarıstan), “Tokmaq” (Türkmənistan), “Sinək” (Krım) və digər satirik jurnallar üçün örnək oldu.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən dəyirmi masada tələbələr böyük dramaturqun əsərlərini təhlil edərək geniş ədəbi müzakirə aparıblar.

Tədbirin sonunda Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova tələbələri böyük dramaturqun həyat və fəaliyyətini əks etdirən “Cəlil Məmmədquluzadə-150” ədəbiyyat sərgisi ilə tanış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.