Mərakeş mətbuatı: Multikulturalizm – bizim gücümüzdür
Rabat, 21 mart, AZƏRTAC
Mərakeşin “Asvat” qəzetinin magazineaswat.com elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Ölkəmizdəki multikulturalizm bizim gücümüzdür” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olduğu bildirilib.
Şərqşünas Həşim Məmmədov qeyd edib ki, Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynayıb. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürüb. Həqiqətən ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan nadir coğrafi, geosiyasi və mədəni məkandır.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan çoxsaylı millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.
Mərakeş nəşri məlumat verir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Vurğulanıb ki, Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat