Nazir: “Hasilat Sənayesində Şəffaflıq” portalına müvafiq müəssisələrdən 145 göstərici daxil ediləcək
AzerTAg.az

Bakı, 19 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanda müvafiq hüquqi bazanın yaradılması, müxtəlif proqramların icrası, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, informasiyanın əldə edilməsində əlçatanlığın genişləndirilməsi, ictimai iştirakçıların artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 19-da Dövlət Statistika Komitəsində “Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimatı mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, faydalı qazıntılarla zəngin olan və dövlət gəlirlərinin bir hissəsini həmin sərvətlərin istismarından əldə edən ölkəmizdə hasilat sənayesində davamlı və uzunmüddətli şəffaflıq mexanizmlərinin qurulması, habelə yüksək hesabatlılığın təmin edilməsi böyük əhəmiyyət kəsb edir.
P.Şahbazov bildirib ki, Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən portala müvafiq sahələr üzrə fəaliyyət göstərən müəssisələrdən 145 göstərici, o cümlədən hasilat, ixracın həcmi və dəyəri, məhsul növləri üzrə dövlətə ödənişlər, neft və qaz sazişləri çərçivəsində əməliyyat xərcləri və onların strukturu, sosial məqsədlərə çəkilən xərclər, aktivlər, əsas kapitala yönəldilən investisiyalar, işçilərin sayı və əməkhaqları üzrə məlumatlar, eləcə də ölkə üzrə enerji balansı, enerji tutumu və digər məlumatlar daxil ediləcək.
Nazir bu məlumatların bütün istifadəçilər üçün zəruri və qiymətli məlumat bazası olacağına əminliyini ifadə edib.
Xəbərin mətnində orfoqrafik səhv var