Professor Məmməd Əliyev: Antropologiya elmində bir çox yeniliklər müşahidə olunur
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) “Auditoriya+” proqramı çərçivəsində “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirə təşkil olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev antropologiya elminin müxtəlif qollarının inkişaf tarixi barədə məlumat verib. O, qloballaşma, cəmiyyətin sosiallaşması və beynəlxalq elmi əlaqələrin inkişafı sayəsində antropologiya elmində bir çox yeniliklərin müşahidə olunduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bu elmin bəzi mülahizələri müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır.
Antropologiya elminin mahiyyəti və tarixi, bu elmin klassiklərinin fikirləri barədə geniş məlumat verən ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov siyasi arenada müasir vəziyyətin inkişaf təmayülləri və problemlərinə toxunub. O, Azərbaycanda siyasi antropologiyanın inkişaf perspektivləri, eyni zamanda, Rusiya və Türkiyə təcrübəsində bu məsələlərin diqqətlə öyrənilməsindən bəhs edib.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin mövzunun aktuallığından danışıb, rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının bu təşəbbüsünü yüksək dəyərləndirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.