ELM VƏ TƏHSİL


Qafqaz Albaniyasına aid abidədə tədqiqat işləri aparılıb

Bakı, 21 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbəri, antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərlik etdiyi ekspedisiya Balakən rayonunun Tülü kəndində Qafqaz Albaniyası dövrünə aid xristian abidəsində tədqiqat işləri aparıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, builki tədqiqat mövsümü abidənin inşa edildiyi dövrün müəyyənləşdirilməsi istiqamətində aparılıb. Bu məqsədlə kilsənin cənub divarının xarici üzündə müəyyən edilən hissədə arxeoloji tədqiqatlara başlanılıb. Nəticədə abidədə üçüncü tikinti qatı aşkarlanıb. Müəyyən edilib ki, Tülü kilsəsi uzunluğu 15, eni 10,50 metr olan daha qədim dini ictimai tikili üzərində inşa edilib.

Arxeoloq Natiq Alışovun sözlərinə görə, aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlərədək aid edilən müxtəlif keramika nümunələri, kirəmit fraqmentləri, dəndaşı, şüşə qolbaq hissələri, pasta muncuq, tuncdan asma bəzək, ayinlə bağlı əşyalar aşkar olunub. Arxeoloji tədqiqatın davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir.

AZƏRTAC-0-

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.