CƏMİYYƏT


Qars Qafqaz Universitetində Azərbaycanla bağlı simpozium keçirilir

Qars, 22 oktyabr, AZƏRTAC

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu və Qars Qafqaz Universiteti “Beynəlxalq Azərbaycanşünaslıq: keçmişi, bu günü və gələcəyi” mövzusunda birgə simpozium təşkil ediblər.

Qars Qafqaz Universitetində keçirilən simpozium bu təhsil ocağında fəaliyyət göstərən çağdaş türk ləhcələri və ədəbiyyatları fakültəsinin nəzdində Azərbaycan dili və ədəbiyyatı bölməsinin yaranmasının onuncu ildönümünə həsr olunub.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı, Qars Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan, Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərinin təmsilçiləri, ölkəmizdən, o cümlədən Naxçıvan Muxtar Respublikasından olan nümayəndə heyətləri, Qars Qafqaz Universitetinin professor və müəllim heyəti, Gürcüstan və İrandan gələn müəllimlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən baş konsul Ayxan Süleymanlı ümummilli lider Heydər Əliyevin 2002-ci ildə Qars şəhərinə tarixi səfəri çərçivəsində Qars Qafqaz Universitetini ziyarət etməsini diqqətə çatdıraraq Ulu Öndərimizin bu təhsil ocağının Fəxri doktoru seçilməsindən və iki ölkə arasında hərtərəfli əlaqələrin inkişafında göstərdiyi böyük xidmətlərindən danışıb. 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə universitetın nəzdində Heydər Əliyev Mərkəzinin açıldığını, bu mərkəzdə Azərbaycan və bütün türk dünyası üçün əhəmiyyətli mərasimlərin təşkil olunduğunu qeyd edən A.Süleymanlı baş konsulluq tərəfindən mərkəzdəki kitabxananın genişləndirilməsinə daim dəstək verildiyini qeyd edib.

Türkiyənin ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı bölməsinin yalnız Qars Qafqaz Universitetində fəaliyyət göstərdiyini qeyd edən A.Süleymanlı əminliklə bildirib ki, Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını və tarixini öyrənmək tələbələrin gələcək fəaliyyətləri üçün faydalı olacaq. O bildirib ki, Azərbaycan dili və ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş böyük şair və yazıçılar Nizami, Füzuli, Nəsimi, Cəlil Məmmədquluzadə, Şirvani, Mirzə Fətəli Axundzadə və digərlərinin zaman-zaman formalaşdırdıqları ənənələr müasir dövrdə də özünü qorumaqdadır.

Sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Ardahan Universitetin rektoru Ramazan Korkmaz, Azərbaycan dili və ədəbiyyatı bölməsinin rəhbəri Adem Balkaya, universitetin müəllimi, soydaşımız professor Rafiq İmrani Azərbaycan dili və ədəbiyyatı bölməsinin yaranmasının on illiyi münasibətilə bölmənin kollektivini təbrik edərək, bu simpoziumun təşkilinə görə baş konsul A.Süleymanlıya və Qars Qafqaz Universitetinin rektoru Sami Özcana təşəkkürlərini bildiriblər. Çıxışlarda Azərbaycan dili və ədəbiyyatı bölməsinin qısa tarixindən və fəaliyyətindən söz açılaraq onun iki qardaş ölkə arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsində böyük rol oynadığı diqqətə çatdırılıb.

Sonda tədbirin təşkilinə görə baş konsul A.Süleymanlıya və Qars Qafqaz Universitetinin rektoru S.Özcana universitet tərəfindən hazırlanmış təşəkkür plaketləri təqdim edilib.

Rəsmi hissədən sonra Azərbaycan dili və ədəbiyyatı bölməsinin fəaliyyətini əks etdirən video nümayiş olunub və fotolar sərgilənib.

Simpozium işini oktyabrın 23-də davam etdirəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.