SİYASƏT


Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb

Strasburq, 21 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası qurumun Büro və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatının dinlənilməsi və müzakirəsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Parlament Assambleyasının COVID-19 pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, işini uğurla qurmağa müvəffəq olmasından danışıb.

Azərbaycanlı deputat AŞPA-nın fəaliyyətində, əslində, gələcəkdə postpandemiya dövründə də istifadə edilə biləcək təcrübələrin qazanıldığına diqqət yönəldərək deyib: “Son iki il bütün dünyanın həyatında olduğu kimi, Avropa Şurasının tarixində çətin sınaq dövrü kimi qalacaq. İndi növbəti inkişaf hesabatı ətrafında düşünərkən mütləq qeyd edilməlidir ki, Avropa Şurası bu imtahandan da uğurla çıxır. Qurum müvazinətini itirmədi, pandemiya dövrünün şərtlərinə tez uyğunlaşdı, hətta bu tarixi mərhələdə gələcəkdə öz işini daha səmərəli qurmaq üçün yeni təcrübələr əldə etdi”.

Bildirilib ki, mövzu sessiyalararası fəaliyyətə həsr edildiyi üçün bunu qeyd etmək vacibdir və iştirakçılar hər yeni sessiyada irəliləyişlərin şahidi olurlar. Gələcəkdə, postpandemiya dövründə müəyyən komitələrin sessiyalararası iclaslarını, xüsusən həssas məruzələrin müzakirələrinin aparıldığı, mühüm səsvermələrin baş tutduğu toplantıları hibrid formatda keçirmək məqsədəuyğun ola bilər. Pandemiyadan əvvəl kvorum olmadığından iclaslar təxirə salınıb. Ancaq indi gördüyümüz kimi, iclaslar virtual şəkildə də baş tuta bilər.

Deputat Rafael Hüseynov AŞPA-nın işində hələ də davam edən qüsurlardan da danışıb. Qeyd edib ki, inkişaf prosesinə nail olmaq üçün təkcə uğurlar deyil, uğursuz təcrübədən də dərs almaq lazımdır. Avropa Şurasının əsas hədəflərindən biri münsif olmaq, çıxarılan qərarların, yürüdülən fikirlərin ədalətliliyi və obyektivliyinə çalışmaq, daim balansın qorunmasına riayət etməkdir. Lakin təəssüf ki, heç də həmişə bu mühüm şərtlərə əməl edilmir və hər belə istisna həm narazılıqlar yaradır, həm də ayrı-ayrı adamların yetərincə ölçülüb-biçilməmiş davranışları, sözləri təşkilatın nüfuzuna xələl gətirir.

R.Hüseynov AŞPA-nın yaz sessiyasında minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərmək zərurəti ilə bağlı Avropa Şurasının, Nazirlər Komitəsinin onun sualına verilmiş qeyri-obyektiv cavabını səsləndirərək deyib: “Ötən sessiyanın əvvəlində ənənəvi olaraq Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinə suallar verilirdi. Mən də sual verdim, ancaq aldığım qeyri-obyektiv cavab Avropa Şurasının yanaşma və ifadə tərzindən çox uzaq idi, təəccüb və heyrət doğurdu. Sanki cavab verən Nazirlər Komitəsinin sədri vəzifəsini daşıdığını da unutmuşdu və özünü qərəzli lobbiçi kimi aparırdı. Mən işğaldan azad olunmuş Azərbaycan ərazilərinin başdan-başa minalandığını, artıq 100-dən çox insanın minaya düşərək həlak olduğunu, Nazirlər Komitəsinin minalanmış ərazilərin xəritələrini təqdim etməsi üçün Ermənistana səlahiyyətləri çərçivəsində hansı təsir göstərə biləcəyini soruşmuşdum. Nazirlər Komitəsinin o vaxt fəaliyyətdə olan sədri isə sualı tamamilə bir kənara qoyaraq anlaşılmaz hikkə ilə Azərbaycanı ittiham etməyə başladı. Nəticə nə oldu? Üstündən bir ay keçməmiş həmin ərazilərdə azərbaycanlı jurnalistlər minaya düşdülər, ikisi həlak oldu, bir neçəsi yaralandı”.

Deputat Avropa Şurasının sağlam inkişafa nail olmasının yolunun yalnız daim ədalətli mövqe tutmaqdan keçdiyini söyləyib. “Belə yüksək kürsülərdən məsuliyyətsiz, haqsıza haqq qazandırmağa çalışan şübhəli və qərəzli bəyanatlar nəticə etibarilə hər dəfə yeni faciələrə yol açır. Ona görə hər sözündə və hərəkətində balansı qoruya bilmək, tərəzini əyməmək Avropa Şurasının gələcək inkişafına ən sağlam təməl ola bilər”, - deyə R.Hüseynov vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTACın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.