İDMAN
“Rusiya 2018”: Uruqvay millisi Portuqaliyanı məğlub edərək dörddəbir finala yüksəldi VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin ikinci oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Soçidəki “Fişt” stadionunda oynanılan görüşdə Uruqvay yığması 2:1 hesabı ilə qalib gələrək dörddəbir finala ikinci vəsiqənin sahibi olub.
Meksikalı referi Sezar Ramosun idarə etdiyi oyunun əvvəlində ikiqat dünya çempionları hesabı erkən qolla açıblar. Matçın 7-ci dəqiqəsində Luis Suaresin dəqiq ötürməsini Edinson Kavani baş zərbəsi ilə rəqib qapısından keçirib - 1:0.
İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra təzyiqi artıran Portuqaliya yığması 55-ci dəqiqəsində hesabı bərabərləşdirib. Küncdən zərbə ilə başlanan hücumda Gerreironun hava ötürməsini Pepe qola çevirib - 1:1. Lakin portuqaliyalıların sevinci cəmi yeddi dəqiqə davam edib. Rəqibi sürətli əks-hücumda yaxalayan Uruqvay millisi yenidən hesabda irəli çıxıb. Bentankurun ötürməsindən sonra topu saxlamadan qapıya göndərən Edinson Kavani baxımlı qolla dubla imza atıb. Bu, oyunda sonuncu qol olub.
Beləliklə, Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi Argentina millisini 4:3 hesabı ilə məğlub edən Fransa olacaq.
Xatırladaq ki, dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 1-də İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.
Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.