İQTİSADİYYAT
SOCAR istiqrazlarının qiyməti artır
Bakı, 3 iyul, AZƏRTAC
SOCAR istiqrazlarına təkrar bazarda tələbat kəskin artıb.
İstiqrazların təkrar bazarı üzrə marketmeykeri “PSG Kapital” şirkətindən AZƏRTAC-a bildirilib ki, hazırda SOCAR istiqrazlarını birjada 1010,17 dollara satmaq, 1013,50 dollara almaq olar. Qiymət artımının səbəbi əhalinin istiqrazlara tələbatının çoxalmasıdır.
Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır. SOCAR istiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarəti edilib.
Əlavə olaraq, ötən ilin noyabr ayından SOCAR istiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatı mexanizmi SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir. İndiyədək qeyd olunan qiymətli kağızlarla 27 milyon dollardan çox kredit götürülüb.
Nominal dəyəri 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faizdir. Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.