REGİONLAR


Saatlıda indiyədək toplanılan pambığın 65-70 faizi maşınlarla yığılıb

Saatlı, 8 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox – 25,7 min ton “ağ qızıl” toplayan rayon pambıqçıları cari ildə də böyük ruh yüksəkliyi ilə çalışırlar. Məhsul istehsalçıları bu günədək sahələrdən 11 min 110 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər. Hər gün sahələrdən 700-750 ton pambıq yığılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda dörd şirkət istehsalçılarla 2645 müqavilə bağlayıb və 15 min 815 hektar sahədə pambıq yetişdirilib. Fermerlər məhsulu qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən ildən fərqli olaraq, bu il rayonda məhsulun maşınlarla toplanmasına üstünlük verilib. Hazırda pambıq plantasiyalarında xarici ölkələrdən alınmış 39 ədəd ən müasir pambıqyığan kombayn işləyir. İki maşın isə ehtiyatda saxlanılır. Zərurət yarandıqda bu maşınlar da sahəyə çıxarılacaq. İndiyədək toplanmış məhsulun 65-70 faizi kombaynlarla yığılıb.

Rayonun Əhmədbəyli kəndində fəaliyyət göstərən “Emil” Kəndli Fermer Təsərrüfatının rəhbəri Kərəm Əhmədov bu mövsüm 218 hektar sahədə məhsul yetişdirib. Əkin sahəsini aqrotexniki tələblər əsasında becərdiyindən sahəsində bol məhsul yetişib. Fermer məhsulu maşınlarla toplayır.

“Pambığın maşınlarla yığılması bizə çox sərfəlidir. Əl ilə yığım zamanı proses uzandığından məhsul itkisi çox olur. Həm də baha başa gəlir. Pambığın maşınlarla toplanması 70-80 faiz gəlir gətirir. Odur ki, əkdiyim sahənin məhsulunu maşınla yığıram. Bu günədək pambıq sahəsinin hər hektarından 40 sentner məhsul götürməklə, 870 ton pambıq toplamışam. Tədarük etdiyim məhsulun demək olar ki, hamısı birinci növ kimi qəbul olunub. Hələ sahədə məhsul çoxdur. Bundan sonra daha 150 ton pambıq toplayacağıma əminəm. Dövlətin pambıqçılığın inkişafina göstərdiyi dəstək, verdiyi əlavə subsidiyalar və onun aliş qiymətinin hər ton üçün 50 manat artırılması biz məhsul istehsalçılarının bu sahəyə olan marağını daha da çoxaldıb”, – deyə fermer bildirib.

Qeyd edək ki, bu il saatlılı pambıqçılıqlar 30 min tondan çox məhsul istehsal etməyi planlaşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.