REGİONLAR


Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunu keçirilib

Naxçıvan, 17 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatı başa çatmaq üzrədir. Artıq çempionatda 3-cü yer uğrunda, eyni zamanda, finalın ilk oyunu keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan çempionatında iştirak edən şahmatçılarımız dairəvi sistem ilə keçən mərhələni artıq arxada qoyublar. Son tura qədər final mərhələsinə vəsiqə uğrunda gərgin mübarizə gedib. Belə ki, finala çıxan dördüncü yer əlavə göstərici – qələbə sayı əsasında müəyyən olunub. Final mərhələsinə yüksələn şahmatçıları Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli və Nicat Məmmədov olub. Ümumiyyətlə, reqlamentə əsasən 11 turdan sonra ilk 4 pillədə qərarlaşan zəka sahibləri bu mərhələyə yüksəliblər.

Yarımfinalda qrossmeyster Eltac Səfərli (2598) qrossmeyster Nicat Abasovla (2665), qrossmeyster Vasif Durarbəyli (2606) isə qrossmeyster Nicat Məmmədovla (2609) üz-üzə gəlib. Bu mərhələnin ilk günündə oyunda ağ fiqurlarla oynayan Eltac üstünlük əldə edə bilməyib. Buna səbəb kimi Nicat tərəfindən seçilən açılış variantını da qeyd etmək olar. Oyunların ikinci günündə isə Nicat Abasov ilə Eltac Səfərli qısa müddət ərzində heç-heçəni qeydə alıblar. Tay-brekdə 2:0 hesabı ilə qələbə qazanan Nicat finalda oynamaq hüququ qazanıb.

İkinci cütün oyununda, Nicat Məmmədov ilə Vasif Durarbəyli arasında, ağların kiçik üstünlüyünün olduğunu, lakin qarşı tərəfin vəziyyətində zəifliyin olmadığını görmək olardı. Nicat tərəfindən buraxılan səhv nəticəsində qara fiqurlar dəqiq gedişlər ilə üstünlüyü ələ keçirib və Vasif ilk oyunda çox önəmli qələbə əldə edib. İkinci oyunda isə Nicat Məmmədov yenə üstünlük əldə edə bilməyib.

Üçüncü yer uğrunda keçirilən ilk görüşdə Eltac Səfərli ilə Nicat Məmmədovun oyununda “sülh” qeydə alınıb. Finalın ilk ayağında Nicat Abasov ilə Vasif Durarbəyli üz-üzə gəliblər. Görüş heç-heçə başa çatıb.

Qeyd edək ki, ikinci görüşlər mayın 18-də keçiriləcək və qalib müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.