Şəhid Şirxan Quliyevin xatirəsi anılıb VİDEO












Beyləqan, 6 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində düşmənə qarşı son damla qanına qədər vuruşaraq şəhid olan Şirxan Quliyevin 26-cı ad günü Beyləqan rayonu ərazisində yerləşən Xocavənd məcburi köçkünlər qəsəbəsindəki qəbiristanlıqda məzarı yanında qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şirxan Quliyevin cənnətdəki ilk doğum günündə ailəsi ilə bərabər, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, ziyalılar iştirak ediblər. Şirxan Quliyevin və Xocavənddən şəhid olan digər qəhrəmanların məzarları ziyarət edilib, xatirələri dərin ehtiramla yad olunub.
Çıxış edənlər Şirxan Quliyevin şərəfli ömür yolundan söhbət açıblar. Bildirilib ki, Quliyev Şirxan İsmixan oğlu 1992-ci ildə sentyabr ayının 5-də dünyaya göz açıb. Əslən Xocavənd rayonundan olan Şirxan dünyaya göz açarkən ata-baba yurdu işğalda olub. O, yaşa dolduqca ürəyində olan Vətən sevgisi ata-baba yurdu ilə bağlı olan ümidlərinə qanad verib. Hələ kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayan Şirxan hərbi xidmətə də qürur hissi ilə yola düşüb. Xidmətini bitirdikdən sonra isə müddətdən artıq hərbçi olaraq Vətənin keşiyində dayanıb. Vətən müharibəsində bir çox uğurlu tapşırıqların icrasında fəallığı ilə seçilib. Cəbrayıl, Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə Şirxan əsl qəhrəmanlıq nümayiş etdirib. Noyabrın 2-də Daşaltı uğrunda gedən döyüşlərdə yaralanmasına baxmayaraq, o, geri çəkilməyib. Son damla qanına qədər döyüşən Şirxan noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Bildirilib ki, Şirxan və digər qəhrəmanlarımız öz canlarını fəda dərək torpaqlarımızı yağı düşməndən azad edib və 30 illik həsrətə son qoyublar.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, qəhrəmanlara, vətənpərvərliyə həsr edilən şeirlər səsləndirilib.
Şəhid bacısı İlkanə Quliyeva söyləyir ki, Şirxanla hər zaman fəxr edib: “Biz hələ uşaq olarkən Şirxan deyirdi ki, “biz niyə məcburi köçkün olduq, niyə öz torpaqlarımızda yaşamırıq..?”. Onun ən böyük arzusu torpaqlarımızın azad edilməsi və lazım gələrsə, bu yolda canından belə keçmək idi. Mən Şirxan kimi qardaşın bacısı olduğum üçün fəxr edirəm. Nəinki qardaşımla, bütün şəhidlərimizlə fəxr edirəm, onların hər birisi mənim qardaşımdır”.
Şəhid anası Raisə Quliyeva qəhrəman övladı haqqında indi qürurla danışır: “Şirxan bizə torpaqlarımızın azad olacağına dair vəd verdi və ona sadiq qaldı. Torpağına, bayrağına bağlı biri idi. Vətən müharibəsi başlayan ilk gündən də döyüşlərə qoşuldu. Yaralanmasına baxmayaraq, döyüşlərdən geri çəkilmədi. Qəhrəmancasına döyüşərək torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucaldı. Şirxanla qürur duyuram! Cənnətdəki ilk doğum günün mübarək, oğlum”.
Qeyd edək ki, şəhid Şirxan Quliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.