Şəhid övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi”nin iştirakçıları səmərəli vaxt keçiriblər
Bakı, 14 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”nin iştirakçıları doqquzuncu günə Mərkəzi Banka ekskursiya ilə başlayıblar.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlara “Maliyyə savadlılığı” mövzusunda təlim keçilib. İştirakçılar qapalı şəraitdə pulun emalı prosesi ilə də tanış olublar.
Günün proqramına uyğun olaraq, uşaqlar peşəkar rəssamların iştirakı ilə rəngli boyalarla düşərgənin divarlarında kompozisiya üzərində işlərə başlayıblar. Bundan əlavə, ənənəvi təlim və yarışlara qatılıblar.
Daha sonra İnsan Hüquqları üzrə müvəkkil, ombudsman Səbinə Əliyeva, “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının yaradıcı üzvləri Ülviyyə Zeynalova və Fuad Hüseynov, həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova düşərgənin gedişi ilə maraqlanmaq üçün əraziyə gəliblər. Uşaqlar üçün yaradılan şəraitlə tanış olub, onların təəssüratlarını öyrəniblər.
Günün sonunda iştirakçılar “Oğlan evi” filminin baş rol ifaçıları Elcan Rəsulov, İslam Mehrəliyev və Elşən Hacıbabayevlə görüşüblər. Onlarla birgə filmə baxıb, şəkillər çəkdiriblər.