CƏMİYYƏT
Silahlı Qüvvələrin yaradılmasının 101-ci ildönümü Hərb Tarixi Muzeyində qeyd olunub VİDEO
Bakı, 21 iyun, Nicat Məmmədov, AZƏRTAC
Silahlı Qüvvələrimizin yaradılmasının 101-ci ildönümü münasibətilə iyunun 21-də Azərbaycan Hərb Tarixi Muzeyində “Milli-mənəvi dəyərimiz - Silahlı Qüvvələrimiz!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin təmsilçiləri, Qarabağ müharibəsi veteranları, hərbi hissələrin, şəhər muzeylərinin və digər müəssisələrin nümayəndələri, həmçinin Gürcüstanın Azərbaycandakı hərbi attaşesi iştirak ediblər.
Tədbirdə Bakı Dövlət Universitetinin Qafqaz xalqlarının tarixi kafedrasının müdiri, tarix elmlər doktoru, professor İradə Hüseynovanın, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, tarix elmlər doktoru, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyevin və Gürcüstan Hərb-Tarix Cəmiyyətinin sədri, tarix elmləri doktoru, professor, ehtiyatda olan polkovnik Mamuka Qoqitidzenin həmmüəllifləri olduqları “Hərbi sahədə Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkürlünün tarixi aspektləri (tarix oçerk)” adlı üçcildliyinin təqdimatı olub, “Art studiya”nın azyaşlı üzvlərinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edilib ki, üçcildlik 1919-1921-ci illərdə Azərbaycan ilə Gürcüstan arasında, o cümlədən hərbi-diplomatik münasibətlərin tarixinin tədqiqi baxımından sanballı elmi mənbədir.
Sonra muzey rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin bir əsrlik tarixə malik Azərbaycan Ordusunun yaradılması və inkişaf tarixinə həsr edilmiş məruzəsi dinlənilib.
Məruzədən sonra professorlar İradə Hüseynovanın, Nurulla Əliyevin və Mamuka Qoqitidze çıxış edib, belə tədbirlərin önəmindən danışıblar.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri hərbi-vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.