ELM VƏ TƏHSİL


Tarix Muzeyinin Vətən Müharibəsi Fondu fəaliyyətini genişləndirir

Bakı, 11 dekabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi müxtəlif istiqamətlərdə fəaliyyətini genişləndirir. Bu ilin yanvar ayında muzeydə Vətən Müharibəsi Fondu yaradılıb. Əsas məqsəd şəhidlərimizə məxsus əşyalar, sənədlər və digər materiallar əsasında sərgilərin təşkili, həmin materialların qorunması, onların elmi-tədqiqat proseslərinə cəlb edilməsi və nəşrlərin hazırlanmasıdır. Fondun müdiri Şəfa Mövsümov ötən müddət ərzində həyata keçirilən tədbirlər barədə AZƏRTAC-a məlumat verib.

Ş.Mövsümov bildirib ki, fondda yer alan materiallar Birinci Qarabağ müharibəsini, 2016-cı ilin Aprel döyüşlərini, 2020-ci ilin Tovuz döyüşlərini və 44 günlük Vətən müharibəsini əhatə edir.

Muzeyə təqdim edilən materiallar arasında Vətən müharibəsində xüsusi xidmətləri olan müvafiq dövlət qurumlarına aid nümunələr də qorunur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Minatəmizləmə Agentliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumların şəxsi heyətlərinin geyim növləri və ləvazimat nümunələri, tədris və ideoloji vəsaitləri də fondda yer alıb.

Eksponatlar arasında işğalçı ölkənin ordusundan hərbi qənimət kimi ələ keçirilmiş nümunələr də var.

Şəhidlərimizin hərbi formaları, fəxri fərmanları, təşəkkürnamələri, orden və medalları, eləcə də şəxsi əşyaları (saat, kompas, pulqabı və s.) onların yaxınları tərəfindən muzeyə təhvil verilib. Materiallar arasında şəhidlərimizin döyüş yoluna aid fotoları da diqqəti cəlb edir. İndiyədək 250 şəhidə aid materiallar fonda daxil edilib, ümumilikdə 2 mindən çox material inventarlaşdırılıb. Bu istiqamətdə iş davamlı şəkildə aparılır.

Fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya verilişlərinin çəkilişi də mümkün olacaq.

Muzeydə “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgidə Vətən Müharibəsi Fondunun materialları ictimaiyyətə və ziyarətçilərə ödənişsiz olaraq nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.