MƏDƏNİYYƏT
YAZIÇI VƏ DÖVLƏT XADİMİ SƏMƏD AĞAOĞLUNUN “HEKAYƏLƏR VƏ MEMUARLAR”I
Bakı, 6 mart (AZƏRTAC). Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakıda anadan olmuş müasir türk yazıçısı və dövlət xadimi Səməd Ağaoğlunun “Hekayələr, memuarlar” kitabının təqdimatı keçirilmişdir.
Universitetin rektoru Yusif Məmmədov, Turkiyənin ölkəmizdəki səfirinin birinci müavini Erkan Özoral və başqaları bildirmişlər ki, S.Ağaoğlu XX əsrdə Azərbaycan publisisti, mütəfəkkiri, yazıçı və ictimai xadimi, habelə Türkiyə ictimai-siyasi fikir tarixində mühüm xidmətləri olan Əhməd Ağaoğlunun ailəsində dünyaya göz açmışdır.
Türkiyə və Fransada təhsil alan Səməd Ağaoğlu yaşadığı ölkədə çağdaş memuar ədəbiyyatının və psixoloji nəsrin görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. 1960-cı il mayın 27-də Türkiyədə dövlət çevrilişi zamanı həbs edilənlərin arasında Demokratik Partiyanın hakimiyyətdə olduğu 10 il ərzində müxtəlif mühüm vəzifələrdə çalışan, üç dəfə Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilən Səməd Ağaoğlu da olmuşdur.
Məhkəmənin qərarı ilə edam cəzası verilən S.Ağaoğlu ömürlük həbsə məhkum edilsə də, dörd ildən sonra əfv edilərək azadlığa buraxılmışdır.
Bildirilmişdir ki, Azərbaycanla Türkiyə arasında əzəli və əbədi bağlılığın, qardaşlığın daha da möhkəmlənməsində Ağaoğlular ailəsinin xüsusi xidmətləri olmuşdur. Körpə ikən Azərbaycanı tərk edən Səməd Ağaoğlu ata yurduna ikinci və sonuncu dəfə 1967-ci ildə gəlmişdir. Bu barədə o, öz təəssüratlarını “Sovet Rusiya İmperatorluğu” kitabında əks etdirmişdir. Səməd Ağaoğlu Türkiyədə yaşadığı müddətdə daim böyük vətəni Azərbaycan, eyni zamanda, valideynlərinin kiçik vətəni Qarabağ havası ilə böyümüş, azərbaycanlı olduğunu heç vaxt unutmamışdır.
Səməd Ağaoğlunun oxuculara təqdim olunan “Hekayələr, memuarlar” kitabı Bakıda “Ozan” nəşriyyatında nəfis şəkildə çap edilmişdir. Nəşrin tərtibçisi professor Vilayət Quliyev, redaktoru filologiya elmləri namizədi Asif Rüstəmlidir.
######