İQTİSADİYYAT
® "AtaBank" "Gələcəyimizi indidən düşünək" layihəsinə dəstək oldu
Təhsil Nazirliyinin dəstəyi, "Community.az" və "Green Line" şirkətlərinin təşəbbüsü, "AtaBank" ASC-nin baş sponsorluğu ilə iyun ayından "Məktəb icmaları" layihəsi çərçivəsində "Gələcəyimizi indidən düşünək" adlı sosial layihəyə start verilib.
Layihənin təşkil olunmasında əsas məqsəd yeniyetmələrə peşə seçimində kömək etmək, onların asudə vaxtının səmərəli təşkili, işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək olmaqdır.
Burada 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin IX sinif şagirdləri üçün bilik və bacarıqların artırılması məqsədilə bir sıra tədbirlər və təqdimatlar keçiriləcək. Bu tədbirlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq bərbər, dərzi, avtomexanik, florist, fotoqraf və digər ixtisaslar üzrə təşkil olunacaq. Qeyd edək ki, peşə seçimi və ictimaiyyətə düzgün inteqrasiya mövzularında "Green Line" şirkətinin peşəkar psixoloqlar komandası tərəfindən keçiriləcək təlimlərə mühüm yer ayrılır.
Bir ay davam edəcək layihə ərzində peşə sahələri üzrə ümumi məlumatlar veriləcək, praktiki təcrübələr keçiriləcək, şirkətlərin iş prosesinə ekskursiyalar təşkil olunacaq.
Layihənin yekununda potensial peşə-ixtisas sahələri və özünüinkişaf bacarıqları üzrə əldə etdikləri ilkin biliklər məktəblilərin arzu və amallarının gerçəkləşməsinə dəstək olacaq.
Layihə ilə bağlı "AtaBank" ASC-nin idarə heyəti sədrinin birinci müavini Etibar Babaşlı deyib: "AtaBank" hər zaman sosial layihələrə çox böyük önəm verib. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu layihəyə qoşulmağımızda məqsəd internat tipli tədris müəssisələrində təhsil alan uşaqların yetişkin həyatlarında ilk addımlarını daha inamla atmaqlarına kömək göstərə bilməkdir. Layihə çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Biz "AtaBank" olaraq gələcəkdə də bu kimi sosial layihələrə dəstək olacağıq".
İyun ayının sonunda yekun tədbiri keçiriləcək və burada 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.