® Azərbaycan Cüdo Federasiyası yeni tərəfdaşlıq müqaviləsi imzalayıb








Azərbaycan Cüdo Federasiyası (ACF) və "Yango Azərbaycan” arasında strateji tərəfdaşlığa start verilib.
Əməkdaşlığın əsas istiqamətləri idmana marağın artırılması, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsidir.
ACF və Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan "Yango Azərbaycan" şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın qurulmasında məqsəd ölkədə idmana marağın artırılmasına töhfə vermək, həmçinin şəhər mühitində mobilliyin və komfort səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.
"Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığımız texnologiyaların və cüdo fəlsəfəsinin sinerjisidir. Bu əməkdaşlıq nizam-intizam, hörmət və davamlı inkişafa nail olmaq əzmi kimi ortaq dəyərlərə əsaslanır. Məqsəd birlikdə təhsilə dəstək vermək, eləcə də şəhər mühitində mobilliyin təhlükəsizliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş sosial təşəbbüsləri inkişaf etdirməkdir. İnanırıq ki, cüdo fəlsəfəsi təkcə peşəkar idmançılar üçün deyil, bütün şəhər ekosistemi üçün ilham mənbəyi ola bilər", - "Yango Ride" şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov imzalanma mərasimində bildirib.
Strateji tərəfdaşlıq çərçivəsində Olimpiya və dünya çempionu, cüdo üzrə milli komandanın üzvü Hidayət Heydərov, həmçinin cüdo üzrə qadınlardan ibarət yığmanın üzvləri "Yango Azərbaycan" servislərinin yeni səfirləri olacaqlar.
"Azərbaycan Cüdo Federasiyası bu dəstəyi yüksək qiymətləndirir. Bu, təkcə idmana edilən sərmayə deyil, həm də Azərbaycanda qadın cüdosunun gücləndirilməsi istiqamətində atılan mühüm addımdır. Bu tərəfdaşlıq idmançılarımıza daha yaxşı məşq imkanları, beynəlxalq təcrübə və daha yüksək motivasiya qazandıracaq. Sevindirici məqam odur ki, federasiyamızın dəyərləri bu şirkətin prinsipləri ilə üst-üstə düşür. Bu tərəfdaşlıq vasitəsilə biz gender bərabərliyini təşviq edir, təhsili dəstəkləyir və müsbət sosial dəyişikliklərə töhfə veririk. İdmançıları ruhlandıraraq və yeni imkanlar yaradaraq, Azərbaycanın cüdo sahəsində aparıcı ölkələrdən birinə çevrilməsi üçün çalışırıq", - Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.