® “Veysəloğlu” və Niderland Sahibkarlığın İnkişafı Bankı tərəfdaşlığı genişləndirir
“Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndə heyəti Niderlandın Haaqa şəhərində səfərdə olub. Səfər çərçivəsində Niderland Sahibkarlığın İnkişafı Bankı (FMO) ilə işgüzar mövzular müzakirə edilib.
Tədbirdə “Veysəloğlu”nu Qrup baş maliyyə inzibatçısı / Qrup CEO-nun maliyyə və inzibati idarəetmə üzrə müavini Könül Kərimova və Qrup maliyyə nəzarəti və xəzinədarlıq direktoru Fərahim Hacıyev təmsil edib. Bankın İdarə Heyətinin üzvü və baş investisiya inzibatçısı Huib-Jan de Ruijter, Aqrobiznes, qida və meşəçilik sektorunun rəhbəri Tugce Kockaya-Beker, həmin sektorun əməkdaşları — Felix Potishman, Tatyana Kharlamova və Gulsah İmre, eləcə də bankın digər komandaları ilə keçirilən müzakirələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı tərəflər əməkdaşlıq perspektivlərini, yeni layihələr və birgə təşəbbüslər üçün mümkün istiqamətləri dəyərləndiriblər.
Qeyd edək ki, 2024-cü ildə “Veysəloğlu” Şirkətlər Qrupu ilə əməkdaşlıq çərçivəsində Niderland Sahibkarlığın İnkişafı Bankı ölkəmizdə aqrobiznes sektoruna ilk dəfə investisiya ayırıb və nəticədə Azərbaycana 39,1 milyon manat həcmində xarici kapital cəlb olunub. Bu investisiya anbar infrastrukturunun genişləndirilməsi, supermarket şəbəkəsinin inkişafı və fermer təsərrüfatlarına dəstək verilməsi istiqamətlərinə yönləndirilib.
“Veysəloğlu” Şirkətlər Qrupu Niderland Sahibkarlığın İnkişafı Bankı ilə tərəfdaşlığın davamlı inkişafına və gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına böyük önəm verir.