"Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin püşkatma mərasimi keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, AFFA-nın dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin ikinci mövsümünün rəsmi açılış və püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə turnirin ilk mövsümünün final oyunu və mükafatlandırılma mərasimindən hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş olunub.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirildiyini deyən İdarə Heyətinin sədri bildirib ki, turnirin keçirilməsində başlıca məqsəd Qarabağın bərpası prosesinə ictimai dəstəyin gücləndirilməsi, eyni zamanda insanlar arasında ianə mədəniyyətinin təşviq edilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.
Turnirdə dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərin komandalarının iştirakına xüsusi diqqət çəkən Rəhman Hacıyev bunun Qarabağın bərpası naminə dövlət və özəl sektor arasında əməkdaşlığın və həmrəyliyin bariz nümunəsi olduğunu vurğulamaqla yanaşı, turnirin təşkilinə dəstək verən bütün donor və tərəfdaşlara təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov turnirin ictimai və sosial əhəmiyyətindən danışıb. O, bu təşəbbüsün Qarabağın bərpasına töhfə verəcəyini xüsusi qeyd etməklə yanaşı, yarışın yüksək təşkilatçılıq səviyyəsində keçiriləcəyinə əminliyini ifadə edib.
Çıxışlardan sonra “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində turnirdə çıxış edən 40 komanda hər birində 10 kollektiv olmaqla 4 qrupa bölünüb.
Qeyd edək ki, tədbirdə Ceyhun Abbasova xüsusi plaket və Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı, püşk çəkimində iştirak edən qonaqların hər birinə isə Qarabağ Dirçəliş Fondu adından xüsusi təşəkkür hədiyyəsi təqdim olunub.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fonduna turnirin baş sponsoru “Tamstore” Marketlər Şəbəkəsi tərəfindən 35 000, turnirdə iştirak edən komandalar tərəfindən 80 000 manat ianə edilib. Beləliklə, ümumilikdə turnirdən 115 000 manat vəsait əldə edilib.
Turnirin keçirilməsindən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.