ABŞ AZƏRBAYCANI REGİONDA MÜTTƏFİQİ HESAB EDİR
Parlamentin sədri Azərbaycan-ABŞ münasibətlərinin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulamış, yüksək səviyyədə görüşlər zamanı imzalanmış 30-a yaxın sənədin əlaqələrin inkişafı üçün hüquqi baza yaratdığını bildirmişdir. O demişdir ki, ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Lakin parlamentlərarası əlaqələr istənilən səviyyədə deyildir. Ona görə də biz Konqreslə Milli Məclis arasında münasibətlərin genişlənməsini istəyirik.
Sonra Oqtay Əsədov Azərbaycanın antiterror əməliyyatlarındakı rolundan danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ədalətli mövqeyini xatırlatmış, problemin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın rolunun artırılacağına ümidvar olduğunu bildirmişdir.
Səfir Rino Harniş Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmiş və bildirmişdir ki, ABŞ Azərbaycanı regionda müttəfiqi hesab edir və ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirən diplomat Azərbaycan əsgərinin Kosovoda, Əfqanıstanda və İraqda sülhün və təhlükəsizliyin təmin olunmasındakı roluna görə minnətdarlığını bildirmişdir.
R.Harniş ABŞ Konqresi üzvlərinin ötən illərdə Azərbaycana etdikləri səfərlərdən, bu səfərlərin parlamentlərarası əlaqələrin inkişafındakı mühüm rolundan danışmış, əməkdaşlığın genişlənməsi üçün imkanlar olduğunu vurğulamışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi edilmişdir.