ABŞ-da keçirilən “dəyirmi masa”da Azərbaycanın qlobal enerji bazarındakı rolundan danışılıb
ABŞ-ın Hyuston şəhərində fəaliyyət göstərən Rays Universitetində Birləşmiş Ştatlarda və Avropada enerji məsələləri ilə bağlı keçirilən “dəyirmi masa”da Azərbaycanın qlobal enerji bazarında, xüsusilə Avropanın enerji təhlükəsizliyində rolundan da danışılıb.
Konqresmen Cim Braydnstayn Azərbaycanın regionda ABŞ-ın maraqları baxımından çox əhəmiyyətli bir ölkə olduğunu bildirib. O, Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
C.Braydnstayn “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminində çox vacib olduğunu deyib və bunun perspektivdə digər təbii qaz hasilatçısı olan ölkələrin də Avropa qaz bazarlarına çıxışı üçün imkan yaratdığını qeyd edib.
Görüşdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Natiq Baxışov “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan söhbət açıb. O, dəhlizin əhəmiyyətinin təkcə Avropa qaz bazarlarına yeni həcmdə qaz gətirməklə tamamlanmadığını, həm də qitəyə yeni və irihəcmli boru kəmərləri şəbəkəsi gətirdiyini vurğulayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton