ABŞ-da təhsil almış tələbələrin “İllik Məzunlar Qala” tədbiri keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da ABŞ-da təhsil almış tələbələrin “İllik Məzunlar Qala” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon çıxış edib. Emi Karlon qeyd edib ki, Azərbaycana hələ yenicə gəlməsinə baxmayaraq, o, artıq özünü evində kimi hiss edir: “Azərbaycan xalqının səmimiliyi, qonaqpərvərliyi çox xoşdur. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən 8 min azərbaycanlı tələbə var. Həmin keçmiş tələbələr ölkələrimiz arasındakı əlaqələri möhkəmləndiriblər”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, ABŞ-da təhsil alan tələbələr ölkələrimiz arasındakı münasibətlərin inkişaf etməsinə töhfə verirlər.
Qeyd olunub ki, avqustun 8-də Prezident Trampın vasitəçiliyi ilə Ağ Evdə əldə olunmuş sülh razılaşmasından sonra ABŞ-Azərbaycan münasibətləri həmişəkindən daha əhəmiyyətli hal alıb.
ABŞ-da təhsil alan Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri Nəzrin Quliyeva tələbələri təbrik edib.
Tədbirin sonunda məzun olmuş tələbələr mükafatlandırılıb.