ABŞ ENERJİ TƏMİNATININ MÜXTƏLİFLİYİNİ NECƏ TƏMİN ETMƏK FİKRİNDƏDİR?
Alan Larson xatırlatmışdır ki, son vaxtlar yeni alternativ enerji texnologiyalarının inkişafına sərmayələr qoyulsa da, gələcək illərdə neft və qaza qlobal tələbat artmaqda davam edəcəkdir. ABŞ-ın, onun ən mühüm müttəfiqləri və iqtisadi tərəfdaşlarının neft və qaza tələbatının əksər hissəsi idxal hesabına ödənilir. Dünyanın istənilən hissəsində baş verən neft təminatı şokları beynəlxalq neft bazarlarındakı ani əməliyyat vasitəsi ilə ABŞ iqtisadiyyatına təsir göstərə bilər. Alan Larson qeyd etmişdir ki, bu kimi gerçəkliklər enerji təhlükəsizliyi haqqında anlayışımızı müəyyənləşdirir və sübut edir ki, enerji təminatında etibarlılıq yaradılmalıdır. Onun fikrincə, bu etibarlılıq iki yolla ola bilər: enerji mənbələrinin müxtəlifliyinə nail olmaq və enerji hasilatçı ölkələrdə şəffaflıq və yaxşı sərmayə mühiti yaratmaqla.
Alan Larson bu fikrini izah edərək yazmışdır: “Bir sıra bölgələr Birləşmiş Ştatların və dünyanın digər ölkələrinin enerji şirkətlərinin artan marağını cəlb etməkdədir. Biz Xəzər bölgəsi, Rusiya, Qərbi Afrika, Şimali və Cənubi Amerikada geniş neft və qaz hasilatına dair maraqlı perspektivlər görürük. Yaxın Şərq də neft və qaz hasilatının artırılmasını vəd edir. Bu bölgələrin hər birində siyasətimizin məqsədi enerji resurslarının inkişafında özəl sektorun aparıcı rolunu dəstəkləmək, lazımi sərmayələrə mane ola bilən siyasi qeyri-müəyyənliyi azaltmaqdır”.
Alan Larson Xəzər bölgəsinə dair fikirlərini belə ifadə etmişdir: “Hasilatı gündə 1,6 milyon barreldən (2001-ci il) 5 milyon barrelədək (2010-cu il) artırmaq imkanı ilə, Xəzər hövzəsi nəhəng potensiala malikdir. Hazırda Xəzər enerjisinin inkişafında əsas məqamlar bunlardır: Cənubi Qafqaz təbii qaz kəmərini inşa etməklə Şərq-Qərb enerji dəhlizinin ikinci dayağı tamamlanmalı, bölgə üzrə ümumi sərmayə mühiti yaxşılaşdırılmalı, Qazaxıstan nefti Şərq-Qərb dəhlizinə gətirilməlidir. Xəzər ehtiyatlarını dünya bazarına aparan çoxşaxəli kəmərlər bölgədəki yeni dövlətlərin suverenliyi və iqtsiadi inkişafını möhkəmlədir”. Alan Larsonun fikrincə, ABŞ-ın Xəzər bölgəsindəki səyləri Rusiyanın enerji ixracı potensialını inkişaf etdirmək səylərinə zidd deyildir.