DÜNYA
ABŞ-ın “Crew Dragon” kosmik gəmisi uğurla orbitə çıxarılıb
Bakı, 4 mart, AZƏRTAC
Göyərtəsində dörd astronavtın olduğu ABŞ-ın “SpaceX” kompaniyasının çoxistifadəli “Crew Dragon” kosmik gəmisi uğurla orbitə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, NASA-nın məlumatına görə, “Crew Dragon” martın 5-də Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşməlidir. “Crew-8” missiyasının heyətinə NASA astronavtları Metyu Dominik, Maykl Barrat, Cennet Epps və Rusiyalı kosmonavt Aleksandr Qrebenkin daxildir. Onlar stansiyada təxminən altı ay qalacaqlar.
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi martın 3-də ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 22:53-də Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılıb.
2022-ci ilin iyulunda NASA və “Roskosmos” BKS proqramı çərçivəsində 2022-2024-cü illərdə üç rusiyalı kosmonavtın ABŞ-ın “Crew Dragon” kosmik gəmisində və üç amerikalı astronavtın isə Rusiyanın “Soyuz MS” kosmik gəmisində uçuşları haqqında saziş imzalayıb. 2023-cü ilin dekabrında həmin sazişin müddəti 2025-ci ilədək uzadılıb.