ABŞ-İN HAKİMİYYƏT ORQANLARI KANADALI YENİYETMƏYƏ DİVAN TUTULMASINA GÖRƏ ÜZR İSTƏMİŞLƏR
Hadisə 1884-cü ildə, Kanada ərazisində yaşayan 14 yaşlı Lui Sem yerli tacir Ceyms Bellın qətlə yetirildiyi gün Vaşinqton ştatının sərhədini keçdiyi vaxt baş vermişdi.
Amerika linçləyiciləri hindi yeniyetməni qətlin törədilməsində təqsirləndirmiş və həbs olunmasını tələb etmişdilər. Oğlanın Kanada polisinə etibar edən tayfadaşları işin məhkəmə yolu ilə araşdırılması üçün onu hakimiyyət orqanlarına təhvil vermişdilər.
Yeniyetmə məhkəməyə qədər Vankuverdən şərqdə, Çiliveyk dağının yaxınlığında kanadalı polisin ailəsində yaşamışdı. Lakin günlərin bir günü linçləyicilərdən ibarət quldur dəstəsi sərhədi keçib, polisi və onun ailəsini hədələyərək, Semı oğurlamış və ağacda boğazından asmışdılar.
Az sonra mülki geyimli iki kanadalı polisin apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, Sem heç kimi öldürməmiş və taciri qətlə yetirən, çox güman, elə linçləyicilərin öz başçısıdır.
Kanada polisinin əldə etdiyi sübutlara baxmayaraq, Vaşinqton ştatının hakimiyyət orqanları heç bir tədbir görməmiş və Kanada günahkarları çəzalandıra bilməmişdi.
Vaşinqton ştatının ərazisində və Kanadanın onunla həmsərhəd rayonlarında yaşayan hindi tayfalarının nümayəndələri Amerikanın hakimiyyət orqanlarının üzrxahlığını gəbul etmiş və hazırda belə bir bəyanatı Kanada nümayəndələrindən gözləyirlər.