ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının rəsmisi Gömrük Akademiyasında olub
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kiit Roberts Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.
Gömrük Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, akademiyanın rəisi Qulu Novruzov qonağa akademiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris və təlim prosesi haqqında məlumat verib. O, akademiyada bakalavr və magistr təhsili ilə yanaşı, gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərindən də söz açıb. Beynəlxalq əməkdaşlığın akademiya üçün əhəmiyyətini vurğulayan Q.Novruzov Avropa və ABŞ universitetləri ilə əlaqələrin qurulmasında, uyğun istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kiit Roberts akademiyada həyata keçirilən müsbət dəyişikliklərin diqqəti cəlb etdiyini deyib. Qonaq universitetlərarası əlaqələrin qurulmasının təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində rolunu qeyd edib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq imkanları, akademiya ilə ABŞ universitetləri arasında qarşılıqlı mübadilə və digər maraq doğuran məsələlər müzakirə olunub.
Sonra qonaq akademiyada yaradılan infrastrukturla tanış olub.