ABŞ metan çirklənməsini ölçmək üçün orbitə peyk buraxacaq
Bakı, 5 mart, AZƏRTAC
Dünyada metan çirklənməsinin səviyyəsini izləmək üçün ABŞ-da hazırlanan yeni peyk orbitə buraxılacaq.
AZƏRTAC “The News Tribune” saytına istinadla xəbər verir ki, “MethaneSAT” adlanan peyk ətraf mühitin müdafiəsi fondunun törəmə şirkəti tərəfindən hazırlanıb. O, dünyanın indiyədək əlçatmaz olan ərazilərində ümumi metan emissiyalarının səviyyəsini izləyəcək. Sutka ərzində planetimizin ətrafında 15 dövrə vuracaq “MethaneSAT” metan konsentrasiyalarında hətta kiçik dəyişiklikləri də ölçə biləcək.
Fondun mütəxəssisi və layihənin rəhbəri Stiven Hamburq peykin geniş ərazilərdə və daha kiçik diffuz sahələrində metan səviyyəsini dəqiq ölçmək qabiliyyətinə malik olduğunu söyləyib.
Dünya ölkələrinin və kompaniyaların metan emissiyalarını məhdudlaşdırmaq barədə öhdəliklərinin həyata keçirilməsi üçün dəqiq məlumatlara ehtiyac var. “MethaneSAT” atmosferdə metan səviyyəsini ölçmək üçün məlumatlar toplamağı hədəfləyir.
Atmosferdəki metan tullantıları karbondan daha az davamlılığa malik olsa da, planeti isidən qaz kimi xeyli güclüdür. NASA-nın məlumatına görə, atmosferdəki metan konsentrasiyası son iki il ərzində iki dəfədən çox artıb. Alimlər metan qazının “sənaye inqilabından” bəri iqlim dəyişikliyinin 20-30 faizinə səbəb olduğunu bildirirlər.