ABŞ portalı: Minalar və əsirlər Qarabağda sülh prosesinə mane olur
Bakı, 30 mart, AZƏRTAC
ABŞ-ın nüfuzlu “The National Interest” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Minalar və əsirlər Qarabağda sülh prosesinə mane olur” sərlövhəli məqaləsi dərc olunub.
BMTM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Ermənistanla Azərbaycan arasındakı İkinci Qarabağ müharibəsinin on illərdir davam edən münaqişədə status-kvonu dəyişdiyi qeyd olunur. Vurğulanır ki, tərəflər arasında müsbət dinamikaya baxmayaraq, noyabr sazişinin bütün bəndlərinin həyata keçirilməsində hələ də çətinliklər mövcuddur. Belə ki, Ermənistanın ordu birləşmələrinin və silahlı şəxslərin Laçın dəhlizi ilə Qarabağa tranziti, eləcə də erməni qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması narahatlıq doğuran məqamlardır.
Müəllif qeyd edir ki, bundan əlavə, Ermənistan ilə Azərbaycan arasında indiyədək iki məsələ həll edilməmiş qalıb. Birincisi, Azərbaycan hərbi qüvvələrinin dekabrın ortalarında, sülh müqaviləsi imzalandıqdan bir ay sonra ələ keçirdiyi 62 erməni əsgərinin statusu həll olunmamış qalır. Onların Azərbaycan ərazisində törətdikləri təxribat nəticəsində üç hərbçimiz və bir mülki şəxs şəhid olub.
İkinci məsələ isə Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsidir. Bildirilir ki, müharibə bitdikdən sonra mina məsələləri postmünaqişə dövründə böyük problemə çevrilib. Qarabağ bölgəsi postsovet məkanında ən böyük mina çirklənməsi problemi ilə üzləşmiş ərazilərdəndir və mina sahələrinin xəritələri olmadan bütün minaların təmizlənməsi çox çətindir. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi sülh səylərinə xələl gətirə bilər.
Yazıda vurğulanır ki, Ermənistan barışıq niyyətinin göstəricisi olaraq Azərbaycana və sülhməramlılara mina xəritələri verməlidir. Bu, minaların təmizlənməsi əməliyyatlarını sürətləndirəcək və tərəflər arasında qarşılıqlı inamı artıracaq.