ABŞ Prezidentinin azərbaycanlı həmkarına məktubu cəsarətli siyasi etirafları ehtiva edir - ŞƏRH
Bakı, 20 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu sıradan protokol nəzakəti hesab edilə bilməz və özündə ciddi məqamları, cəsarətli siyasi etirafları ehtiva edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, ilk növbədə, bu məktubda Qərbin adəti üzrə xüsusi diqqət ayırdığı sətiraltı eyhamlara yer verilməyib və bu da adətən radikal mövqe tutan Demokratların artıq Cənubi Qafqazda İlham Əliyevin yaratdığı yeni reallıqları olduğu kimi və ədalətli formada qəbul etməyə başladığını göstərir.
İkincisi, Cozef Bayden məktubunda açıq mətnlə, "Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib" ifadəsinə yer verməsi ilə Vaşinqton artıq rəsmən bəyan edir ki, bölgədə lokomotiv Azərbaycandır, regionda inkişaf və tərəqqi, o cümlədən proseslərin gedişatını məhz Azərbaycan diktə edir. Eyni zamanda, bölgədə siyasi və iqtisadi maraqlarını gizlətməyən ABŞ da regionda inkişafın perspektivini Azərbaycanla tərəfdaşlıqda görür. Azərbaycanın regionda həlledici rolunun qırmızı xətt kimi keçdiyi məktubda diqqət yetirilən digər mühüm məqam ABŞ-ın Azərbaycanı Cənubi Qafqazda təhlükəsizliyin əsas qarantoru, Prezident İlham Əliyevi isə bu iradəni həyata keçirməyə qadir yeganə lider kimi qəbul etməsi ilə bağlıdır. Sirr deyil ki, ABŞ-ın regionda ən böyük diplomatik missiyası Ermənistanda yerləşir. Gürcüstan isə Moskva-Vaşinqton qarşıdurmasında açıq şəkildə ABŞ-ın tərəfindədir. Lakin Bayden məktubda "Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq" ifadəsinə yer verməklə Vaşinqtonun regional təhlükəsizliyin qarantı kimi məhz ABŞ-Azərbaycan tərəfdaşlığını gördüyünü gizlətmir. Diqqət etsək, Vaşinqton keçmiş sovet respublikaları və ümumiyyətlə, keçmiş sosializm bloku üzvlərindən heç bir dövlət barədə eyni qənaəti bu günə qədər nə açıq, nə də dolayısı ilə dilə gətirməyib. Təbii ki, bu qənaətin kökündə Azərbaycan Prezidentinin atdığı strateji və uzaqgörən addımlar əsasında formalaşan, Azərbaycanın maraqları ilə bərabər, bəşəri niyyətlərə, o cümlədən BMT Nizamnaməsinin məqsədlərinə xidmət edən ciddi və zəngin data baza var. Eyni zamanda, Azərbaycanın özünün belə çətin dönəmlər yaşadığı dövrlərdə Kosovo, Əfqanıstan və İraqda beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr unudula bilməz. Digər tərəfdən, "Demokratiya sammitinə" dəvət olunan İrəvandan fərqli olaraq Bakı İranın molla rejimi qarşısında nəinki əyilmir, əksinə cənubdan qaynaqlanan terror və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsas səddə çevrilib və bu, Vaşinqton üçün çox əhəmiyyətli göstəricilərdir.
“Bayden administrasiyasının diqqət yetirdiyi digər vacib məqam Rusiya-Ukrayna müharibəsi dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı əvəzsiz rolla bağlıdır. Bayden dolayısı ilə bir daha bəyan edir ki, Azərbaycan Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində həlledici dövlət, Prezident İlham Əliyev isə regional və qlobal enerji bazarlarının sabitləşdirilməsi baxımından açar şəxsiyyətdir.
Məktubda diqqət çəkən digər önəmli məsələ, Birləşmiş Ştatların Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafın təşviqi niyyətidir ki, Azərbaycanın bütövlükdə dünya birliyindən yeganə gözləntisi də həmişə məhz bu amil olub. Xüsusən Baydenin Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəyi bəyanatı hazırda aparılan danışıqlar prosesində Bakının beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyi ilə üst-üstə düşür”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.