DÜNYA
ABŞ prezidentliyinə namizədlərin seçki kampaniyasına 14,7 milyard dollar xərclənib
Bakı, 1 noyabr, AZƏRTAC
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və sabiq prezident Donald Trampın (respublikaçı namizəd) seçkiqabağı kampaniyası zamanı təxminən 14,7 milyard dollar xərclənib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Federal Seçki Komissiyasına istinadla məlumat yayıb.
Komissiya hesab edir ki, bu vəsait namizədlər, partiyalar və xüsusən İlon Mask tərəfindən dəstəklənən siyasi fəaliyyət komitələri, o cümlədən seçkidə maraqlı olan digər təşkilatlar tərəfindən xərclənib. Ümumilikdə ölkədə 11 min “siyasi qrup”un olduğu bildirilir.
Agentliyin məlumatına görə, xərclərin böyük əksəriyyəti reklamlarla bağlıdır. Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarında reklam kampaniyaları gecə-gündüz davam edir. Binaların pəncərələrində, yol kənarlarında asılan klassik seçki plakatlarına, eləcə də efirləri dolduran televiziya reklamlarına sosial şəbəkələrdə rəqəmsal reklamlar da əlavə olunub.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Dövlət başçısı postu uğrunda əsas mübarizə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gedir. Onların seçilmək şansı praktiki olaraq eynidir.