ABŞ QURUMLARI AZƏRBAYCANDA ELEKTRİK LAYİHƏLƏRİNƏ DƏSTƏK VERİR
Kənd sakinlərinin, İcma İnkişaf Şurası üzvlərinin iştirak etdiyi mərasimdə CHF İnternational təşkilatının nümayəndəsi Ceyk Cons, təşkilatın Şəki şöbəsinin meneceri Gülrux Orucova, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva çıxış edərək, İcmanın İnkişaf Fəaliyyəti Proqramı çərçivəsində Azərbaycanda, o cümlədən Qax rayonunda həyata keçirilən müxtəlif layihələr barədə geniş məlumat vermiş, Tasmalı İcma İnkişaf Şurasının müəyyənləşdirdiyi bu layihənin kəndin elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşmasına müsbət təsir göstərəcəyini xüsusi vurğulamışlar.
Mərasimdə kəndin icra və bələdiyyə orqanlarının rəhbərləri, habelə İcma İnkişaf Şurasının üzvləri çıxış edərək sakinlərin sosial və iqtisadi rifahının yaxşılaşmasına yönələn bu layihənin reallaşmasına göstərdiyi köməyə görə ABŞ hökumətinə, habelə USAİD və CHF təşkilatlarına minnətdarlıqlarını bildirmişlər.
Sonra yeni transformatorun açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və avadanlığa baxış olmuşdur. Gücü 160 kilovat və dəyəri 5 min 585 ABŞ dolları olan yeni transformatorun quraşdırılma xərclərinin 75 faizini USAİD, 25 faizini isə yerli icma ödəmişdir.
Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Aybəniz Gəncəliyeva bildirmişdir ki, həyata keçirilən layihələrin əsas məqsədi icmalarla yerli icra və bələdiyyə qurumları, habelə ayrı-ayrı icmalar arasında əlaqələri, əməkdaşlığı daha da genişləndirmək, sakinlərin yerli icmalara inamını daha da artırmaqdır.