ABŞ senatorları “Tesla” avtomobillərinin təhlükəsizliyinə şübhə edir
Bakı, 23 aprel, AZƏRTAC
İki amerikalı senator “Tesla” avtomobilinin iştirakı ilə baş verən qəzadan sonra Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəni (National Highway Traffic Safety Administration, NHTSA) sürücüyə yardım sisteminin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə avtomobil istehsalçılarına tövsiyələr hazırlamağa çağırıb.
AZƏRTAC bu barədə “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir.
“Biz bu avtomobillərlə bağlı təhlükəsizlik məsələlərinin adi hala çevrilməsindən narahatıq. Belə hallar ciddi narahatlıq doğurur və diqqətinizə layiqdir”, - deyə demokrat-senatorlar Riçard Blümental və Ed Marki tərəfindən NHTSA-ya ünvanlanan müraciətdə bildirilir.
ABŞ-ın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsi bir neçə gün əvvəl baş verən ölümcül yol-nəqliyyat hadisəsi ilə bağlı təhqiqata başlayıb. Tənzimləyici “Tesla” avtomobillərinin iştirakı ilə baş vermiş və əsasən sürücüyə yardım sisteminin istifadəsi ilə bağlı onlarla qəzanı araşdırıb.
Ötən həftə Texas ştatının Sprinq şəhərində 2019-cu il istehsalı olan “Tesla Model S” avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər ölüb. Polisin məlumatına əsasən, qəza zamanı elektromobil avtopilot vəziyyətində olub. “Tesla” kompaniyasının rəhbəri İlon Mask isə qəzaya uğrayan elektromobilin avtopilot rejimində olması faktını inkar edib.