İQTİSADİYYAT
ABŞ ticarət nazirinin köməkçisi: Azərbaycanda “yaşıl enerji” istehsalı sahəsindəki layihələri dəstəkləyəcəyik
Bakı, 3 aprel AZƏRTAC
ABŞ Azərbaycan ilə “yaşıl enerji” istehsalı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman Bakıda keçirilən Azərbaycan-ABŞ “Yaşıl enerji” forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçməsi ABŞ-nin nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərinin ölkəmizə marağını artırır.
Arun Venkataraman qeyd edib ki, ABŞ Azərbaycanda “yaşıl enerji” istehsalı üçün yerli şirkətlərlə əməkdaşlıqda maraqlıdır. ABŞ-nin “Eksim” bankı Azərbaycanda həyata keçirilən “yaşıl enerji” layihələrinə dəstək göstərməyə hazırdır.
Azərbaycanın alternativ enerji mənbələrinə malik olması ABŞ şirkətlərinin marağına səbəb olub. Dünyada baş verən iqlim dəyişikliyi “yaşıl enerji”nin inkişafını zərurətə çevirib. Buna görə də Azərbaycanda “yaşıl enerji” istehsalını və dünya bazarlarına ixracını dəstəkləyəcək.